Azərbaycan KP - VIII Qurultay


02.09.2020



Azərbaycan Kommunist Partiyası

Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin

Məlumatı !

 

28 Avqust 2020-ci il tarixdə səhər saat 11:00-da Azərbaycan KP-nin növbədənkənar VIII Qurultayı ( videokonfrans formasında “Skype” ilə) partiyanın mərkəzi qərərgahında öz işinə başlamışdır.

Növbədənkənar qurultayı AKP MİK sədri H.Hacıyev açaraq videokonfransda AKP-nin 22 rayon, şəhər partiya təşkilatlarından olan 41 nümayəndədən 38 nəfərin iştirak etdiyini və Növbədənkənar qurultaya vaxtı ilə AKP sıralarından xaric olunan Rauf Qurbanov, Telman Nurullayev və Gülnisə Məhsimovanın da dəvət olunduqlarını bildirmişdir.

Növbədənkənar qurultayın gündəliyinə aşağıdakı məsələlər təklif olunmuşdur :

1.Təşkilatı məsələ;

2.Azərbaycan Kommunist Partiyasının partiyadaxili təşkilatlanma işinin vəziyyəti və müxtəlif illərdə partiya sıralarından xaric olunanların partiya sıralarına bərpası haqqında məsələnin müzakirəsi

(Məruzəçi : AKP MİK sədrinin müavini Ə.Xəlilov)

Gündəlik nümayəndələr tərəfindən yekdilliklə qəbul olunmuşdur.

Gündəlik ətrafında müzakirələrə başlanmışdır.

 

Gündəliyin birinci məsələsi, – AKP-nin Nizamnaməsinə uyğun olaraq AKP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədrini qurultay seçir və onun vəzifədən azad olunmasına qurultay razılıq verir.

Bu maddəyə uyğun AKP MNTK sədri Aqşin Firuz oğlu Mustafayevin tutduğu ictimai vəzifədən azad olunmasına dair yazılı ərizəsi nəzərə alınaraq onun xahişi təmin edilmişdir.

AKP MNTK-nın sədri vəzifəsinin partiyanın növbəti qurultayına kimi icrası AKP MNTK sədrinin müavini Süleyman Haşım oğlu Süleymanova tapşırılmışdır.

Gündəliyin ikinci məsələsinə aid məruzəni AKP MİK sədrinin müavini Ə.Xəlilov etmişdir.

Gündəliyin ikinci məsələsinin müzakirəsində çıxış etmişlər:

Eynulla Paşayev (Masallı RT), Yaşar Qafarov (Lənkəran RT), Məzəddin Əyyubov (Nərimanov RT), Gülnisə Məhsimova (dəvət olunan), Rüstəm Qüdrətov (İmişli RT), Bəhram Mürşüdov (Qəbələ RT), Aqşin Mustafayev( Binəqədi RT), Həmzət İsmayılov (Zaqatala RT), Mehdi Şəhriyarlı ( Sumqayıt RT), Telman Şamxalov (Şəki RT), Mayıl Mahmudov (Sabunçu RT), Fərid Hacıyev (Sabunçu RT), Yaqut Musayeva (Abşeron RT), Şahin Zülfüqarov ( Yasamal RT).

Çıxışlarda qeyd olunmuşdur ki, partiyanın fəaliyətinin 1993-cü ildə bərpasından sonra müxtəlif illərdə partiyadaxili təşkilatlanma işlərini yerinə yetirən AKP MİK-in və Rəyasət heyətinin apardığı təşkilatlanma prossesinə mane olmağa çalışan opportunist qüvvələr daxili təşkilatlanmaya ciddi maneə olurdular.

Qruplaşmalara rəhbərlik edənlər Telman Nurullayev, Rəhim Həsənov, Rauf Qurbanov və başqaları elə hesab edirdilər ki, onlar respublikanın müxtəlif rəhbər vəzifələrdə işləyən qohum-əqrəbalarının vasitəsilə nəyəsə nail olacaqlar, yaxud da Moskvada yerləşən siyasi partiyalar birliyindən dəstək alıb, deputat seçiləcəklər. Onlar iyirmi il ərzində sərbəst öz bacarıqlarına uyğun olaraq heç nəyə nail ola bilməyiblər. İstəkləri isə ondan ibarət olub ki, Azərbaycan Kommunist Partiyasının lideri olub, respublikada Milli Məclisə keçirilən seçkilərdə iştirak etsinlər.

Dünyada iki ideologiyanın mübarizəsi davam edir. V.İ.Lenin yazmışdır : “Məsələ ancaq bu cürdür: ya burjua məfkurəsi, ya sosialist məfkurəsi. Burada orta bir şey yoxdur.”

Tarixi təcrübə kapitalizmin məhkumluğu haqqında inqilabi nəzəriyyənin çıxardığı nəticəni inandırıcı surətdə təsdiq etmişdir.

Artıq otuz ilə yaxındır respublikamızda cəmiyyət iki yerə bölünüb. Bu zəmində də insanların bir qrupunun əməyini istehsal alətləri və vasitələrini oğurluq yolla özəlləşdirən qrup tərəfindən mənimsənilməsinə imkan yarandı. İnsanın insan tərəfindən istismarına meydan açıldı. Respublikanın milli burjuaziyası öz iqtisadi və siyasi ağalığını əbədiləşdirməyə cəhd edir, zəhmətkeşləri istismar etmək yolu ilə öz var-dövlətini daha da artırmaq üçün əlində olan imkanlardan – tutduqları vəzifələrdən, dövlət qulluğu statusundan və s. gen-bol istifadə edir. Respublikamızda aparılan islahatların ana xətti dünya imperialist qüvvələrinin hazırladığı yeni müharibə ocaqlarını yaratmaq əməllərinin ifşası, xalqımızın sülh demokratiya uğrunda mübarizəsi üçün vahid cəbhədə birliyə nail olmağının təşkil edilməsidir.

Sosial dövlətimizi istismarçı cəmiyyətə çevirən məmurlar bilərəkdən təxribatlar hazırlayırlar ki, aparılan islahatlar baş tutmasın.

Azərbaycan Kommunist Partiyası ölkənin iqtisadi, siyasi, ideoloji sağlamlaşdırılması istiqamətində Prezidentin rəhbərliyi ilə aparılan islahatları müdafiə edir, islahatların həyata keçirilməsində yaxından iştirak edəcəyini bildirir.

Dünyada koronavirus pandemiyasının geniş və surətlə yayıldığı, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda respublika zəhmətkeşlərinin iqtisadi, mədəni səviyyəsinin artırılmasına, əhalinin məlumatlı olmasına və maraq dairəsinin tələblərini nəzərə alaraq tədbirlər görmək əvəzinə onların çətinliklərlə üz-üzə qalmalarına çalışan məmurlar ordusuna qarşı sağlam mübarizəyə qoşulub respublika Prezidentinin yanında olmağı Azərbaycan Kommunist Partiyası partiya üzvlərinə tövsiyə edir.

Azərbaycan Kommunist Partiyası üzvləri ölkənin iqtisadi, siyasi, ideoloji sağlamlaşdırılması istiqamətində İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatları müdafiə edir, islahatların həyata keçirilməsində yaxından iştirak edəcəyini bildirir.

İnsan həyatının ümumbəşəri problemlərinin həllində, respublikanın idarə olunmasında Leninin yaratdığı Kommunist Partiyasının üzvü olan əqidəli, vicdanlı, namuslu kommunistlərin fəal iştirak etmələri üçün, sol qüvvələrin Kommunist Partiyasının idarə olunmasında iştiraklarına ehtiyac var.

Bu məqsədə nail olmaq üçün vaxtı ilə partiya sıralarından xaric olunan Rauf Qurbanovun, Telman Nurullayevin partiya sıralarına qəbul olunmalarına şərait yaradıldı. Lakin onlar bu fürsətdən istifadə etmədilər, AKP-nin növbədənkənar VIII qurultayına dəvət olunmalarına baxmayaraq iştirak etmədilər. 27 Avqust 2020-ci il tarixdə axşam saat 20:00-da qurultayın videokonfransında iştirak edəcəyinə söz verən Rauf Qurbanov sözünə əməl etməmişdir.

Biz Kommunistlər azad yaşamaq üçün azadlığı dərk etmək, öz şəxsi ləyaqətini qiymətləndirə bilmək, bütün varlığı ilə öz insanlıq haqqını qorumağı bacarmaq kimi başa düşürük.

Azadlığımızın, müstəqilliyimizin daimiliyi, işğal altında olan ərazilərimizin azad olunması üçün daxili despot məmurlardan canımızı qurtarmaq üçün cənab Prezidentin çağırışına qoşulub aparılan islahatlara mane olan dövlət qulluqçularına qarşı mübarizəyə siyasi partiya kimi biz kommunistlərdə qoşuluruq.

Növbədənkənar VIII qurultay qərar layihəsini müzakirə edərək onu təsdiq etmiş və qurultay nümayəndələri adından Qətnamə qəbul etmişdir.

 

AKP MİK sədri Hacı Hacıyev sonda çıxış edərək qurultayın işini yekunlaşdırmışdır.

Bu gün partiyamızın yaradıcı işi – təşkilatlanma prossesinə təkan verici növbədənkənar qurultayımızı keçirdik. Ölkəmizin siyasi rəhbərliyi, Prezidenti beynəlxalq həyatda əhəmiyyətli işlərini davam etdirirlər. Respublikamızın istiqlaliyyətinin möhkəmlənməsində, ərazi bütövlüyünün təmin olunmasında böyük işlər görülür.

Məqsəd isə əhalinin həyatının yaxşılaşdırılmasıdır.

Bütün aparılan işlər haqqında vaxtaşırı operativ formada partiya üzvlərini məlumatlandırmaq, mütəşəkkil halda islahatların aparılmasında yaxından iştirak etmək üçün səfərbər olmalıyıq.

Partiya üzvlərinin istedadının xüsusiyyətinə və bacarığına görə onların daxili potensialını partiya işimizə yönəltməliyik. Çünki, bizim dövrümüz çox mürəkkəb, dolaşıq, ziddiyyətli, son dərəcə gərgindir. Xalqımız, əməkçi insanlar, öz əlinin əməyi ilə yaşayanlar ürəyi insaniyyət hissləri ilə çırpınanlar, vicdan və zəka sahibləri ölkədə aparılan islahatlardan çox şey gözləyirlər. Biz, kommunistlər də sosial dövlətin quruculuğunda iştiraka hazırıq.

 

Növbədənkənar VIII qurultay öz işini həmin gün saat 14:00-da başa çatdırmışdır.

 

Azərbaycan KP

Mərkəzi İcraiyyə Komitəsi

Rəyasət heyəti