Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin məlumatı


29.01.2019



Azərbaycan Kommunist Partiyası

Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin məlumatı

 

27 yanvar 2019-cu il tarixdə səhər saat 11:00-da partiyanın mərkəzi qərargahında AKP MİK və AKP MNTK-nın birləşmiş II Plenumu işinə başlamışdır.

Birləşmiş plenumun müzakirəsinə AKP-nin VII qurultayının 1-ci mərhələsinin qəbul etdiyi qərarların yerinə yetirilməsinin vəziyyəti və qurultayın 2-ci mərhələsinə hazırlığın gedişi haqqında (məruzəçi: AKP MİK sədrinin müavini Ə. Xəlilov), AKP-nin maliyyə vəziyyətinə dair məlumat ( V. Quliyevin hesabatı) çıxarılmışdır.

Birləşmiş plenumun məsələləri ətrafında müzakirələrdə M. Əyyubov (Nərimanov RT), R. Qüdrətov (İmişli RT), B. Mürşüdov (Qəbələ RT), A. Mustafayev (AKP MNTK sədri), Ə. Şirvanov ( Xətai RT) çıxış edərək rəy və təkliflərini vermişlər.

AKP MİK-in və AKP MNTK-nın birləşmiş II plenumunun gedişində partiyanın Xətai rayon təşkilatının katibi Əmrulla Sənan oğlu Şirvanovun partiya işini özünə məxsus şəkildə aparması qeyd olunmuş, Xətai rayon təşkilatının fəaliyyətinin bərpasından sonra (2017-ci ilin ortalarından) AKP-nin rəhbər orqanlarına 150 səhifədən ibarət müxtəlif məzmunlu yazıları partiyanın özəklərində qarşılıqlı inam, hörmətə kölgə salmaq, qarşılıqlı tələbkarlıq, yoldaşlıq və partiya prinsiplərinin mühitini pozmaq istəyi baş tutsun deyə hər şeyə əl atdığına, riyakarlıqdan, avantüradan, araqarışdırmaqdan, fitnəkarlıqdan gen-bol istifadə etdiyinə görə, onun çoxsaylı sifətlərə malik olmasını təsdiq edən internet saytının səhifəsində Əmrulla Şirvanov və onun silahdaşı Ədalət Abdinovun kimlərə və nə üçün xidmət etdikləri ifşa olunmuşdur.

Birləşmiş plenum AKP-nin sıralarında demokratik mərkəziyyət prinsiplərinin möhkəmləndirilməsinə qarşı çıxan, partiyadaxili araqarışdırma əməllərini genişləndirməyə can atan, partiyanın normal fəaliyyətinə mane olan, təşkilatları parçalama əməllərinə, partiyanın mənafeyinə zidd olan təftişçilik meyllərinə, partiya təşkilatlarında üzvlərin nizamnamə tələblərinə tabe olmamalarına dair açıq çağırışlar edən və digər partiya həyatı normalarına yad və zidd əməllərinə görə Şirvanov Əmrulla Sənan oğlunu AKP MİK üzvlüyündən, Hüquq komissiyasının sədri, Xətai rayon təşkilatının katibi ictimai vəzifələrindən azad etmiş və AKP Xətai rayon təşkilatının buraxılmasına dair qərar qəbul olunmuşdur.

Plenum müzakirə olunan digər məsələlərə aid qərar qəbul etmiş və həmin gün saat 14:25-də işini başa vurmuşdur.

Azərbaycan KP

MİK Rəyasət heyəti