Nəriman Nərimanovun anadan olduğu gündür!


14.04.2021



14 aprel həqiqətpərəst, insanpərvər, işıqsevər, maarifçi dahi Nəriman Nərimanovun anadan olduğu gündür.

Nərimanov düşünən və hər şeyi görən realist idi, xalqın həyatına açıq gözlə baxırdı, xalqının ağrılarını və dərdlərini duyurdu. Zəmanənin, tərəqqinin, inkişafın tələblərindən xalqının nə qədər geri qaldığını görürdü. Feodal təfəkkürü, dayaz, gülünc məntiqi əsərlərində tənqid hədəfinə tutmuşdur. Nərimanov azərbaycanlı kimi düşünmüş ,o zamankı həyatda gördüyü əyri, dələduz adamların səciyyəvi surətlərini əsərlərində əks etdirmişdir.


Tədqiqatçılar onun publisist və bədii yazılarının qüdrətini həyatiliyində, dövrün vacib məsələlərini əks etməsində, böyük ictimai həqiqətləri açmasında görmüşlər. O, romantik hisslər və fikirlərlə işıqlanmış əhatəli realizmi, dövrün vacib məsələlərinin və böyük ictimai həqiqətlərini dərin təsvirini verə bilən, xeyirlə şərin, yaxşı ilə yamanın mübarizəsinə seyrçi kimi baxan laqeydlərdən olmayıb, inamsız, ehtirassız əsər yazmayıb. Onun ilk dövrlərdə namuslu maarifçi , sonralar isə sədaqətli kommunist ürəyindən qopan sözlər əbədi yanan zərdüşt alovu kimi işıq saçmışdır.


Nərimanovun əsərlərindəki fikirlər, inam və hissiyyat o qədər səmimidir ki, onlar təbii proseslər nəticəsində dağların altından çıxan qranit parçasını xatırladır. Onun bədii sözündə insana sonsuz məhəbbəti quru söz deyildi, mübarizə ruhu ilə dolu, canlı, döyüşkən idi və böyük yazıcını mübarizə meydanlarına atırdı.


İnsan uğrunda, insan azadlığı, ləyaqəti, səadəti uğrunda fırtınalara sinə gərməyə təhrik edir, ruhlandırırdı. Nərimanov kimi və nə üçün sevdiyini, kimin əsl insan adına, insan şərəfinə, insan ləyaqətinə, həqiqi böyük məhəbbətə layiq olduğunu bilirdi, "gözləri qan-yaşlı, ürəkləri dağlı kasıb fəqirləri əllərindən bir iş gəlməyən müftəxor zənginlərin əllərindən xilas etmək" həvəsi ilə yasayırdı. O, zəhmərkeşləri azadlığa, səadətə çağırmaq eşqilə yaşayırdı. O, cəsarətlə, mərd-mərdanə üzünü xalqa tutub deyir və yazırdı: "Yetər aldanmaq! Yetər bu qədər tökülən qanlar! Bəsdir vətənin həqiqi xeyirxahları, hürriyyətin səmimi mücahidləri ilə qazamatları doldurmaq. Bəsdir aclığa dabam etmək. Bəsdir milçək olub hörümçəklərə yem olmaq. Bəsdir! Bəsdir!" 


Bu hərarətli, yanıqlı, ehtiraslı, dərin mənalı sölərin müəllifi Azərbaycan tarixində tamamilə yeni tipli bir insan idi. O, yazıçı, mütəfəkkir, inqilabçı, həkim, müəllim idi... Onun bədii sözü yanar ocaq, sönməz məşəl kimi işıq verir, qızdırır və yandırır... Kimi yandırır, kimi qızdırırdı?


Nərimanovun qaladığı ocaqın alovu bunları yandırırdı, yoxsul, avam, lakin öz əməyi ilə yaşayan zəhmətkeş kəndlilərin daxmasına işıq salırdı. Bu işıq gücsüz və zəif idi,çoxlarının qapısında ilişib qalır, daxmanın içinə girə bilmirdi. Qapını bərk örtmüşdülər. Eyb etməz, hər halda həyətə çıxanda bu zəif işığı görəcəkdilər. Onu söndürmək mümkün deyildi!


Nadanlığın, cəhalətin kökləri pul dünyasının, xüsusi mülkiyyət aləminin dərinlərində imiş.


Var-dövlət ölçüsüz- bicimsiz halda cəmiyyətin bir qütbündə ayrı- ayrı şəxslərin əlində toplandığı zaman o biri qütbdə yoxsulluq, ehtiyac, aclıq məsgən salırmış.


Birinci rus inqilabına qədər artıq Nəriman Nərimanov böyük həyat yolu keçmişdi, qızğın mübarizələrdən çıxmışdı, insanları ağır sınaqlarda görüb tanımışdı,həm dovma xalqının, həm də başqa xalqların həyatının məşəqqətlərinə , ürək arzularına, əzab və məşəqqətlərinə bələd idi.


İnqilabi mübarizə illərində Nərimanovun ədəbi yaradıcılığında mübariz, inqilabi publisistika əsas yer tutmuşdur. Bu da təbiidir, onun partiya xadimi kimi geniş əməli fəaliyyəti ilə bağlı
olmuşdur.


Nərimanovun ictimai- siyasi görüşləri və inqilabi fəaliyyəti ilə ədəbi-bədii yaradıcılığı üzvi surətdə bir-birinə bağlı idi. İstər ayrı-ayrı dövrlərdə, istərsə bütöblükdə onun dediklərini və yazdıqlarını əməli fəaliyyəti ilə tutuşdurduqda xəyalımızda müstəsna dərəcədə bütöv bir şəxsiyyət canlanır.
Nərimanov həm marksiz- leninizm nəzəriyyəsini həm də Şərq xalqlarının tarixini, mədəniyyətini, həyatını, psixoloji aləmini yaxşı bilirdi. Bu nəzəriyyə ilə onların mübarizəsini işıqlandıranda xüsusiyyətlərini nəzərə alırdı.
Dünya ədəbiyyatı tarixi göstərir ki,zəmanəsinin canlı və kəskin məsələləri ilə yaşayan, ilhamını, istedadını, qələmini həyati mübarizələrə həsr edən böyük mütərəqqi yazıçılar çox zaman əsərlərinin mövzusunu müasir həyatla yanaşı tarixi keçmişdən də almışlar. Bu da yalnız təqib və təzyiqlər dövründə ehtiyyatkarlıq naminə, fikri dolayısı ilə ifadə etmək məqsədilə edilməmişdir. Bunun sırf estetik mahiyyət daşıdığı zamanlar da olmuşdur. Köhnəlik, gerilik müasir mövzularla yanaşı tarixi mövzular da atəşə tutulduqda, mütərəqqi ideal həm bu günün, həm də keçmişin materialında əks olunduqda bədii boyalar artır, estetik təsir vasitələri zənginləşir. Həm də ki, tarixi keçmiş bu günü doğru dərk etməyə, düzgün qiymətləndirməyə kömək edir.
Nəriman Nərimanov islam dininin spesifik xüsusiyyətlərini qeyd edib göstərmişdir ki, Şərq xalqlarının həyatında din əsrlər uzunu mülki qanunları əvəz edib. Qərbdə xristian dininin mövqeyini mexaniki olaraq Şərqdə islamiyyətin rolu ilə eyniləşdirmək olmaz. Çünki qərbdə uzun zaman kilsə ilə dövlət arasında mübarizə getmişdir. Şərq ölkələrində isə vəziyyət başqa cür olub, dinin və "Quran"ın ictimai həyata, dövlət işlərinə təsirini məhdudlaşdırmaq, mülki qanunlar yaratmaq cəhdləri Qərbdəki nəticəni verməyib. Nərimanov "Məhəmməddən sonra onun xəlifləri həm ruhani, həm də dünyavi hakim oldular" deyib.


Böyük yazıçı və inqilabçı yaşadığı əsrdə yazdığı sözlərə ömrü boyu sadiq qalmışdı: "İnsan gərəkdir mümkün olan qədər zadəganlığını dovruluqla keçirə. Zira ki, yalan, əyrilik həmişə aşkar olub, insanı bədnam edər".


Keçmişin ağır, mürəkkəb həyat yollarında, dolaşıq, qarışıq siyasi- ictimai və ideoloji mübarizələrdə Nərimanovun da hər cəhətdən görə bilmədiyi, hərtərəfli qiymətləndirib əks etmədiyi hadisələr olub. Lakin onun həmişə "zadəganlığını dolğunluqla keçirdiyini" nəinki dostları, düşmənləri də danmışlar. Bədii sözün qüdrətilə onun yandırdığı ocaq həmişə ürəklərə ümid, gözlərə işıq verib, əsərləri insanları əqidəli olmağa, düzliyə öyrədib, ürəklərdə xalqa işıqlı gələcəyə məhəbət tərbiyə edib və edir.
Nərimanovun vətəndaşlarda möhkəm əqidə, düzgünlük, təmizlik, vətən yolunda, xalq işində fədakarlıq hissləri tərbiyə edən əsərləri böyük mütəfəkkirin xalqına töhfəsidir.


İnsanlıq yolunda, həyat yolunda son dərəcə cəsur və mərd, qorxmaz, dönməz olan real şəxsiyyəti- düha Nəriman Nərimanovu tükənməz və ilahi məhəbbətlə sevməliyik!

Hacı Hacıyev
Azərbaycan KP MİK sədri
11.04.2021